Bir neçə gün öncə, 12 sentyabr 2024-cü il tarixində Türk Dövlətləri Təşkilatı tərəfindən Ortaq Türk Əlifbasının layihəsi təsdiq olunaraq, sözügedən layihənin tətbiqi ilə bağlı razılıq əldə olunub.
Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunan Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən önəmli iclasın əsas məqsədi, bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması, eləcə də Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılmasıdır. Komissiya, 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın qrafikası əsaslı Ortaq Türk Əlifbası layihəsini hərtərəfli şəkildə nəzərdən keçirib, bu layihədə gərəkli olan məqamlara diqqət yetirərək ümumilikdə 1993-cü ilin layihəsini qəbul edib.
Qeyd olunmalıdır ki, 1991-ci ildə Ortaq Türk Əlifbasının hazırlanmasının əsas təşəbbüskarı və tərtibatçısı tanınmış türkoloq, dilçi-alim və ictimai xadim, Müasir Azərbaycan Əlifbasının müəllifi akademik Afad Qurbanovdur.
Məlum olduğu kimi, 18-20 oktyabr 1991-ci il tarixdə İstanbulda Marmara Universitetinin Türkologiya İnstitutu tərəfindən təşkil edilən "Müasir Türk Əlifbası" simpoziumunda Afad Qurbanovun təqdim etdiyi Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin dilçiləri tərəfindən müzakirə edilib. Həmin iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan dilçilər iştirak edirdilər. Dilçilərin müzakirəsinə təqdim edilən əlifbada mövcud olan 34 hərfin 29-u türk dilindən götürülüb.
Akademik Afad Qurbanovun gərgin əməyi nəticəsində 1991-ci ildə türk dünyası üçün 34 hərfdən ibarət latın qrafikası əsasında hazırlanmış Ortaq Türk Əlifbasının layihəsi bütün türkdilli xalqların fonetik sistemini əhatə edib. Afad Qurbanov 1993-cü ildə Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin alimləri tərəfindən qəbul olunarkən deyib ki, bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir:
"Türk xalqlarının siyasi, iqtisadi və mədəni birliyinin yaranması və həyata keçirilməsi üçün ortaq türk dili və əlifbasının xüsusi tarixi əhəmiyyəti var. Ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcək".
Ortaq Türk Əlifbasının hazırlanmasındakı, Türkoloji dilçiliyin və Ortaq Türk Dilinin inkişafındakı xidmətlərinə görə Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəf üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilib.
1993-cü ildə hazırlanmış Orta Türk Əlifbası:
Təqdim olunan fotolar 18-20 oktyabr 1991-ci il tarixdə İstanbulda Marmara Universitetinin Türkologiya İnstitutu tərəfindən təşkil edilən "Müasir Türk Əlifbası" simpoziumu zamanı çəkilib.
Rəylər