"Son üç ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə 17 mindən çox müraciət daxil olub. Bu müraciətlər əsasında 420 mütəxəssis hazırlanıb. Son altı buraxılış üzrə məzunların məşğulluq səviyyəsi isə 90 faizə yaxındır".
Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyayev Bakıda keçirilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günündə deyib.
Ş.Hacıyəhyayev bildirib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi artıq təkcə mütəxəssis hazırlığı ilə məhdudlaşmır:
"Dayanıqlı kibertəhlükəsizlik ekosisteminin qurulması məqsədilə mərkəzin fəaliyyəti "CyberCluster" modeli əsasında dörd istiqamətdə formalaşdırılıb.
Bunlardan "CyberEdu" təlim və ixtisasartırma proqramlarını, "CyberCenter" ali təhsil müəssisələri ilə əməkdaşlığı, "CyberPark" yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasını, "CyberClub" isə kibergigiyena və kiberdayanıqlığın gücləndirilməsini əhatə edir".
Departament müdiri qeyd edib ki, dövlət və özəl sektordan ümumilikdə 160 əməkdaş ixtisasartırma proqramlarına cəlb olunub, onlardan 40 nəfəri bu il təlimləri uğurla başa vurub.