Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Scandens" Azərbaycanda "Gedeon Richterin" dərmanını istehsal edəcək
Azərbaycan Respublikası "Scandens Pharmaceutical Industries Ltd." şirkətinin nümayəndələri 125 illik tarixi olan və 100-dən çox ölkədə fəaliyyət göstərən "Gedeon Richter" əczaçılıq zavoduna ikinci dəfə səfər ediblər.
Qeyd edək ki, 2023-cü il iyulun 31-də şirkətlər arasında ilk görüş keçirilmiş və həmin görüşdə bağlanmış memoranduma əsasən, "Gedeon Richter" şirkətinin lisenziyası əsasında orijinal preparatlar, həmçinin bazar tələbatını ödəmək üçün vacib olan generik dərmanların "Scandens" zavodunda istehsal ediləcəyinə dair razılığa gəlinib.
Hazırda "Scandens" əczaçılıq zavodunun tikintisi yekunlaşıb və istifadəyə tam hazır vəziyyətə gətirilib. Bu səbəbdən sözügedən danışıqlar icra mərhələsinə keçid edib və ilk etapda "Gedeon Richter" tərəfindən orijinal dərman "Cariprazine", "Reagila" və "Vraylar" ticarət dərman adları altında yer almış preparatların, (Qeydiyyat vəsiqəsi: 2015-ci ildə ABŞ-də (Vraylar) / 2017-ci ildə AB-də (Reagila) ) Azərbaycan ərazisində, "Scandens Pharmaceutical Industries" zavodu tərəfindən istehsalının başlanmasına dair keyfiyyət və texniki məsələlər mövzusu geniş müzakirə edilərək rəsmi müqavilə formasında öz təsdiqini tapıb.
"Reagila / Vraylar" - cari gündə, dünyada ən çətin problemlərdən biri hesab edilən psixiatrik xəstəliklərin müalicəsində, ən qabaqcıl preparatlardan biri kimi tanınır.
Bundan əlavə, görüş zamanı Azərbaycan əczaçılıq sənayesinə yüksək texnoloji orijinal dərmanların gətirilməsinə dair müzakirələr də aparılıb.
Xatırladaq ki, Azərbaycanın müstəqillik əldə etdiyi ilk dönəmlərdə, "Gedeon Richter" Müstəqil Azərbaycan əczaçılıq sektoruna dərman ixrac edən ilk Avropa əczaçılıq zavodu olub.
Dünyanın təcrübəli əczaçılıq şirkətləri ilə həyata keçirilən bu əməkdaşlıqlar, yerli sənaye sahəsinin inkişafını sürətləndirəcək və ölkə iqtisadiyyatına güclü təkan, o cümlədən, qeyri-neft sektorunun mühüm sahələrindən biri olan əczaçılıq sənayesinə əsaslı töhfələr verərək Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.