2020-ci ildə baş verən "Black Lives Matter" (BLM - "Qaradərililərin həyatı önəmlidir") hərəkatının etirazları zamanı və ya ondan sonra sökülən ABŞ-nin qurucuları, Konfederasiya generalları və Avropa tədqiqatçılarının abidələri tədricən ölkənin şəhərlərinə qaytarılır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ənənə tərəfdarları götürülmüş heykəllərin bərpa olunması tələbi ilə yerli idarələrə qarşı məhkəmə iddiaları qaldırırlar. Məsələn, aprel ayında fəallar Ohayo ştatının Kolambus şəhərində Xristofor Kolumbun (şəhər onun adını daşıyır) heykəlinin sökülməsinin qeyri-qanuni olduğunu bildirib və abidənin yerinə qaytarılmasını tələb ediblər.
Vaşinqtonda rəsmilər Delaver koloniyasından ABŞ-nin Müstəqillik Bəyannaməsini imzalayan Sizar Rodninin heykəlini ucaldıblar. Abidə 2020-ci ilə qədər Uilminqton şəhərində (Delaver ştatı) yerləşirdi. 2025-ci ilin sonunda Çarlston şəhərində (Cənubi Karolina ştatı) Konfederasiya generalı Robert Linin şərəfinə xatirə lövhəsi qoyulub, hansı ki, 2021-ci ildə sökülməzdən əvvəl məktəblərin birində idi. Qəzet qeyd edir ki, abidələrin bərpası kampaniyası amerikalıların iyulun 4-də qeyd edəcəkləri ölkənin yaranmasının 250 illiyi ərəfəsində ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən dəstəklənir.
Qeyd edək ki, "Black Lives Matter" hərəkatı 2012-ci ildə yaranıb. Onun tərəfdarları irqi ayrı-seçkiliyə və polis özbaşınalığına qarşı çıxış edirlər. 2020-ci ilin yayında afroamerikalı Corc Floydun Minneapolisdə (Minnesota ştatı) öldürülməsindən sonra baş verən genişmiqyaslı etirazlar hərəkatın yenidən canlanmasına və ABŞ-də kütləvi iğtişaşlara səbəb olmuşdu.