ABŞ Dövlət Departamenti İraqa 800 milyon dollar dəyərində yerli istehsal olan helikopterlərin, həmçinin onlara aid silah və ehtiyat hissələrinin satılmasına rəsmi razılıq verib.
Oxu.Az RG.RU-ya istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
Söhbət "Bell Helicopter" şirkətinin istehsalı olan "Bell 412EPX" və "Bell 407M" helikopterlərindən gedir. Dövlət Departamentindən bildirilib ki, İraq tərəfi həmin helikopterlərin təchizatı üçün pulemyot və raketlərin, naviqasiya və rabitə, eləcə də raket buraxılışını aşkarlayan sistemlərin alınmasına da icazə istəyib. Həmin müraciətlər də müsbət cavablandırılıb.
Qurumun bəyanatına əsasən, verilən icazə eyni zamanda pilotların və texniki işçilərin təlimini, eləcə də ABŞ hökuməti və podratçı şirkətlər tərəfindən mühəndis, texniki və logistika dəstəyinin göstərilməsini əhatə edir.
Ağ Ev qəbul etdiyi qərar barədə artıq Konqresi məlumatlandırıb. Parlamentin ehtimal olunan müqaviləni nəzərdən keçirmək və mümkün bloklama qərarı vermək üçün 30 gün vaxtı var.