"Böyük Britaniya hökuməti Folklend adalarının statusunu ABŞ ilə heç bir şəkildə müzakirə etmək niyyətində deyil".
Oxu.Az "Sky News" telekanalına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş nazirinin ofisinin nümayəndəsi məlumat verib.
"Folklend adaları ilə bağlı Britaniyanın mövqeyi dəyişməzdir. Suverenlik Birləşmiş Krallığa məxsusdur, öz müqəddəratını təyinetmə isə birinci dərəcəli əhəmiyyətə malikdir", - deyə açıqlamada bildirilib.
Böyük Britaniya rəsmisi Folklend adalarını müdafiə etməyə hazır olub-olmamaları barədə suala cavab verməkdən imtina edib:
"Bu, bizə aid olan vəziyyət deyil, hipotetik sualdır".
Daha əvvəl "Reuters" agentliyi xəbər vermişdi ki, Pentaqonda NATO müttəfiqlərinin ABŞ-yə İrana qarşı müharibədə kömək etməyə hazır olmamalarına görə cəzalandırma variantları müzakirə olunur. Seçimlərdən biri kimi Vaşinqtonun Folklend adaları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməsi də vurğulanıb.
Hazırda ABŞ bu ərazinin Böyük Britaniya tərəfindən idarə olunduğunu tanıyır.
Britaniya baş nazirinin nümayəndəsi vurğulayıb ki, Birləşmiş Krallıq İrana qarşı hərbi münaqişəyə təzyiq altında cəlb olunmayacaq.
Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Folklend adaları artıq 200 ildir ki, Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsi predmetidir. 1982-ci ilin aprelində ölkələr arasında silahlı münaqişə başlayıb. Təxminən iki ay yarım davam edən müharibədə Cənubi Amerika ölkəsi məğlub olub. 2013-cü ilin martında arxipelaq sakinlərinin böyük əksəriyyəti referendumda bu ərazinin Britaniyanın tərkibində qalmasına səs veriblər. Argentina isə seçkinin nəticələrini tanımayıb.
İspaniyanın Baş naziri Pedro Sançes İranla münaqişədəki mövqeyinə görə rəsmi Madridə qarşı ABŞ-nin mümkün tədbirləri barədə xəbərləri şərh edib. O bildirib ki, İspaniya hakimiyyəti yalnız rəsmi sənədlərə əsaslanır, daxili sızmalara cavab vermək niyyətindən uzaqdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Biz elektron məktublar əsasında işləmirik. ABŞ hökumətinin rəsmi mövqeyini şərh edə bilərik", - deyə nazir bildirib.
ABŞ-nin Hərb Nazirliyində (Pentaqon) Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzrə bəzi müttəfiqlərin rəsmi Vaşinqtona İranla müharibədə kömək etmədiklərinə görə cəzalandırılması nəzərdən keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi vəziyyətlə yaxından tanış olan özəl mənbələrinə istinadən məlumat yayıb.
Xüsusilə İspaniyanın NATO üzvlüyündən çıxarılması planı və Böyük Britaniyanın Folklend adalarına iddiaları ilə bağlı ABŞ-nin mövqeyini yenidən nəzərdən keçirildiyi vurğulanır.
Materialda qeyd edilir ki, müvafiq təkliflər Pentaqonun yüksəkrütbəli rəsmiləri arasında daxili elektron məktublarda əks olunub.
Yazışmalarda Vaşinqtonun NATO-nun bəzi müttəfiqlərinin döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı ABŞ ordusuna öz ərazilərindəki bazalardan istifadəyə icazə verməməsindən məyusluq ifadə edilir.