ABŞ Prezidenti Donald Trampın Luiziana qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsinə Danimarka Xarici İşlər Nazirliyi (XİN) münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Danimarka xarici işlər naziri Lars Lekke Rasmussen bildirib ki, hər kəs Danimarkanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır:
"Biz təkid edirik ki, hər kəs, o cümlədən ABŞ, Danimarka Krallığının ərazi bütövlüyünə hörmət etməlidir".
XİN rəhbəri ABŞ-nin Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edilməsini "ABŞ-nin adaya olan davamlı marağının təsdiqi" adlandırıb.
Nazir bu məsələni müzakirə etmək üçün ABŞ səfirinin XİN-ə çağırılacağını da bəyan edib.
Luiziana ştatının qubernatoru Ceff Lendri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Lendri sosial media səhifəsində məlumat yayıb.
Qubernator sözügedən posta təyin olunduğuna görə Trampa təşəkkürünü bildirib və ölkəsinin Qrenlandiyanı əldə etmək niyyətini təsdiqləyib.
Eyni zamanda, Lendri yeni təyinatının onun qubernator kimi işinə heç bir şəkildə təsir etməyəcəyini də vurğulayıb.