ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı əldə edilən razılaşma adada həyata keçiriləcək iqtisadi layihələrin birgə əlaqələndirilməsini və Çin kapitalının bu proseslərdə iştirakının qarşısının alınmasını nəzərdə tutur.
Oxu.Az-ın məlumatına görə, bunu ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına açıqlamasında bildirib.
"Bu müqavilə Danimarka ilə birlikdə investisiyaların yoxlanılması prosedurunu əhatə edir. Məqsəd odur ki, günün birində oyanıb Çin hərbçilərini olmasa da, limanların onların şirkətlərinə məxsusluğunu görməyək", - deyə Rubio qeyd edib.
Dövlət katibinin sözlərinə görə, Çin gələcəkdə öz donanmasını həmin ərazilərdə yerləşdirmək niyyəti ilə bütün dünyada limanlar inşa edir.
Qeyd edək ki, sentyabrın 19-da Ağ Evdən verilən bəyanatda ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin olunmasına nəzarətin Vaşinqtona verilməsi barədə razılığa gəldiyi vurğulanıb.
Vaşinqton Qrenlandiya ərazisinə daimi giriş, hərbi qüvvələrin yerləşdirilməsi və adanın üzərindən uçuşlar etmək hüququ əldə edəcək. Şərtlər Qrenlandiya müstəqillik qazandığı təqdirdə belə qüvvədə qalacaq və NATO-ya üzv olmayan ölkələrə orada hərbi bazalar yaratmaq qadağan ediləcək.
ABŞ Prezidenti Donald Tramp bunu adanın təhlükəsizliyi üzərində "daimi nəzarət" adlandırsa da, Danimarka və Qrenlandiya rəsmiləri suverenliyin ABŞ-yə verilmədiyini xüsusi vurğulayırlar.