Danimarka ilə əldə olunmuş razılaşmalara əsasən, Amerika Birləşmiş Ştatları Qrenlandiya ərazisində əlavə iki hərbi bazadan istifadəyə başlamağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik özəl mənbələrinə istinadən yazır ki, ABŞ tərəfi Qrenlandiyanın cənubunda yerləşən "'soyuq müharibə" dövrünə aid hərbi bazanı bərpa etmək, şərq sahilindəki bazada isə hərbi mövcudluğunu təmin etmək niyyətindədir.
Məqalədə vurğulanır ki, cənubda söhbət vaxtilə ABŞ-nin "Bluie West One" aviabazasının yerləşdiyi Narsarsuak qəsəbəsindən gedir. Qeyd edək ki, ABŞ bu obyekti 1950-ci illərin sonlarında bağlamışdı.
Bununla yanaşı, Qrenlandiyanın şərqində hazırda Danimarka hərbçiləri tərəfindən istifadə edilən Mesters-Viq hərbi obyekti də nəzərdə tutulur. Məlumatdan aydın olur ki, bu addımlar Vaşinqton administrasiyası ilə Danimarka və Qrenlandiya rəhbərliyi arasında əldə edilmiş razılaşmalar çərçivəsində atılır. ABŞ prezidenti Donald Trampın iştirakı ilə müvafiq sənədlərin sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində imzalanacağı gözlənilir.
Bir müddət əvvəl Tramp bildirmişdi ki, ABŞ və Danimarka Qrenlandiyanın təhlükəsizliyinin təminatı üzərində nəzarətin Vaşinqtona verilməsi barədə razılığa gəliblər. O əlavə edib ki, Amerika tərəfi arktik adada hərbi gücünü dərhal artırmağa başlayacaq.