ABŞ və Türkiyə rəsmiləri Suriya Demokratik Qüvvələrini gərginliyi dayandırmağa və yaxın həftələr ərzində Dəməşq hökumətinə qoşulmağa çağırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Middle East Eye" məlumat yayıb.
Məsələ ilə bağlı məlumatlı mənbələr bildiriblər ki, ABŞ və Türkiyə Suriya Demokratik Qüvvələrinə (SDQ) rəsmi hökumətlə inteqrasiyanı başa çatdırmaq üçün 30 gün vaxt verib.
Mart ayında SDQ lideri Mazlum Abdi ilə Suriyanın keçid hökumətinin Prezidenti Əhməd əl Şaraa arasında təşkilatın bölmələrinin Dəməşq hökuməti qüvvələri ilə tam birləşdirilməsinə dair müqavilə imzalanıb. Lakin SDQ və digər kürd qruplarının muxtariyyət tələb etməsi, Suriya ordusunda ayrıca hərbi komandanlıq və təşkilati strukturu saxlamaq istəməsi, həmçinin Suriya Müdafiə Nazirliyi qoşunlarının bölgəyə daxil olmasına müqavimət göstərməsi nəticəsində razılaşma pozulub.
Bildirilib ki, druzlarla gərginlik fonunda ABŞ və Türkiyənin səbri tükənir. Ötən həftə Suriyada keçirilən görüşdə Vaşinqton və Ankara rəsmiləri SDQ-ə 30 günlük ultimatum veriblər.