"Apple" korporasiyasının yeni baş direktoru Con Ternus yaxın vaxtlarda öz komandasında əsaslı yeniliklər edəcək. O, bir neçə il ərzində şirkətin bəzi idarəedici şəxslərini əvəzləməli olacaq.
Oxu.Az-ın "Bloomberg" agentliyinə istinadən verdiyi məlumata görə, söhbət yaşı 60-a çatmış rəhbər şəxslərdən gedir.
Bildirilir ki, bu strateji məsələnin həlli üçün Con Ternusa təxminən üç il vaxt ayrılıb. Korporasiyanın rəhbəri həmçinin bəzi top-menecerlərin vəzifə səlahiyyətlərində və funksiyalarında da dəyişikliklər aparacaq.
Nəşrin məlumatında qeyd olunur ki, onların hazırkı tapşırıqlarının müəyyən bir hissəsi daha aşağı səviyyəli idarəedicilərə həvalə ediləcək.
Agentlik yazır ki, Con Ternusun qarşısında duran vəzifə "Apple" biznesindəki bütün əsas funksiyalar - texnika, marketinq, pərakəndə satış və kadrlar üzrə cavabdeh şəxslər daxil olmaqla, ali rəhbərliyin dəyişdirilməsidir.
Bununla yanaşı, hazırda şirkət öz cihazlarının yeni təqdimat mərasiminə ciddi şəkildə hazırlaşır. Həmin tədbir sentyabrın 9-da baş tutacaq. Təqdimat zamanı şirkət ilk dəfə olaraq qatlanan "iPhone" modelini ictimaiyyətə nümayiş etdirəcək.