"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə "J2 8205" nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
"Airbus" tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL-ın Bakı-Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə uçan təyyarəsi Şərqi Aralıq dənizi üzərində geri dönür.
Oxu.Az bu barədə "Flightradar24" servisinin məlumatına istinadla xəbər verir.
Hazırda təyyarənin Bakıya istiqamət aldığı bildirilir.
Marşrutun dəyişməsinin dəqiq səbəbi barədə hələ rəsmi açıqlama verilməyib.
Lakin bu, ilkin ehtimala görə, Fars körfəzi regionunda vəziyyətin gərginləşməsi, İranın Qətərdəki Amerika hərbi bazasına hücumu və Bəhreyn, Qətər, BƏƏ-nin hava məkanının bağlaması fonunda baş verib.
