Dünən Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Moldovanın baş naziri Kirill Qaburiç arasında telefon danışığı baş tutub, Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir.
“Pirveli radio” mənbəyə istinadən xəbər verir ki, Gürcüstanın baş naziri Moldova hökuməti başçısından Saakaşvilinin Moldovaya səfərinin baş tutmamasını və Saakaşvilinin islahatlarda yardımını qəbul etməməsini xahiş edib.
Həmin mənbənin məlumatına əsasən, Gürcüstan hökuməti başçısının və onun moldovan həmkarı ilə söhbət gərgin şəraitdə keçib və İrakli Qaribaşvili Kirill Qaburiçi əgər Mixail Saakaşvili Moldovaya islahatlar üzrə müşavir kimi dəvət edilərsə bunun Moldova-Gürcüstan əlaqələrinə neqativ təsir edəcəyi ilə hədələyib.
“Pirveli radio” Gürcüstan hökumətinin administrasiyasının ictimaiyyətlə əlaqələr xidməti ilə əlaqə saxlayıb. İki ölkə hökuməti başçıları arasında telefon söhbətinin baş tutmasına dair suala cavab verən Manana Tokmacişvili bəyan edib:
“Mən bu telefon söhbəti barədə məlumata malik deyiləm, əgər informasiya olarsa onu dərc edəcəyik”.
Bununla yanaşı, Moldovada Mixail Saakaşvili tərəfindən tərtib edilmiş islahat qrupu yerləşir və onlar Moldova hökuməti nümayəndələri ilə görüşlər keçirirlər.
Xatırladaq ki, bir neçə gün öncə Mixail Saakaşvili Kiyevdə Moldova hökumətinin başçısını qəbul edib. Görüş zamanı Qaburiç Mixail Saakaşvilidən islahatlar keçirməyə dair yardım istəyib.