"Bank of America"nın vitse-prezidenti Erin Pyaçenti avqustun 31-də ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında silahlı qadının hücumu nəticəsində aldığı xəsarətlərdən ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi polisə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Pyaçenti bankda yeni müştərilərin və sövdələşmələrin qiymətləndirilməsi ilə bağlı məsələlərə cavabdeh olub.
Avqustun 31-də iki bıçaqla silahlanmış qadın Tayms-Skverdə yoldan keçənlərə hücum edib. Yaralananlar arasında Pyaçenti də olub. Hadisə zamanı daha bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və vəziyyətinin stabil olduğu bildirilir.
Hadisə yerinə gələn polis əməkdaşları hücum edən qadını silahı yerə qoymağa razı salmağa çalışıblar. Onunla bir neçə dəqiqə danışıqlar aparılsa da, qadın təslim olmaqdan imtina edib. Bundan sonra polis əməkdaşları onu güllələyiblər.
Hücumun motivləri barədə məlumat verilmir.