Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda parlament binası qarşısında baş verən atışmanı terror aktı kimi qiymətləndirib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, o, bu barədə kəndlərin inkişafı məsələlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
"Bu gözəl toplantını tərk etmək məcburiyyətində olduğum üçün üzr istəyirəm. Səbəb Serbiya parlamenti binası qarşısında baş vermiş terror aktıdır, buna görə də digər məsələlərlə məşğul olmalıyam", - deyə Vuçiç qeyd edib.
Serbiyanın səhiyyə naziri Zlatibor Lonçar da bildirib ki, Belqradda parlament binası qarşısında atəş açan kişinin açıq-aşkar öldürmək niyyəti olub və Vuçiçin tərəfdarlarının çadır düşərgəsini yandırmaq məqsədi güdüb.
Serbiyanın paytaxtı Belqradda parlament binasının qarşısındakı meydanda atışma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Kurir" nəşri məlumat yayıb.
Qeyd olunur ki, atəş açan kişi polis tərəfindən saxlanılıb.
Məlumata görə, 70 yaşlı kişi 57 yaşlı bir kişiyə atəş açaraq onu budundan yaralamaqda, bundan sonra Serbiya Prezidenti Aleksandar Vuçiçin parlament qarşısında qurulan tərəfdarlarının çadırlarından birini yandırıb, alova bir neçə patron atmaqda şübhəli bilinir. Hadisə yerində qan izləri görünür.
Yaralı xəstəxanaya çatdırılıb, onun həyati təhlükəsi yoxdur.
Ərazi mühasirəyə alınıb, yanğının söndürülür. İstintaq tədbirləri davam etdirilir.
Nəşrin məlumatına görə, Serbiya Prezidenti Aleksandar Vuçiç parlament divarları qarşısında baş vermiş insidentlə bağlı saat 13:00-da (Bakı vaxtı ilə 15:00 - red.) təcili müraciətlə çıxış edəcək.