Ofis əməkdaşları, proqramçılar, dizaynerlər, mühasiblər, analitiklər və operatorlar quru göz sindromundan daha çox əziyyət çəkirlər. Eyni zamanda, qadınlarda perimenopoz və postmenopoz dövründə hormonal dəyişikliklər səbəbindən bu xəstəliyin yaranması riski daha yüksəkdir.
Oxu.Az bildirir ki, bu barədə rusiyalı oftalmoloq və oftalmocərrah Viktor Borzıx Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
Xroniki vəziyyət olan quru göz sindromu zamanı gözyaşı təbəqəsinin qeyri-sabitliyi səbəbindən göz səthinin təbii nəmliyi pozulur.
Normalda göz daim buynuz qişanı qoruyan, qidalandıran və aydın görməni təmin edən nazik gözyaşı təbəqəsi ilə örtülmüş olur. Quru göz sindromu zamanı bu təbəqə nazikləşir, daha tez buxarlanır və ya tərkibini dəyişir ki, bu da gözlərdə qıcıqlanma, yanma və ya qum olduğu hissini yaradır.
"Quru göz sindromuna daha çox qadınlarda rast gəlinir. Hormonal dəyişikliklər burada əsas rollardan birini oynayır, buna görə də problem, xüsusilə, perimenopoz və postmenopoz dövründə daha tez-tez nəzərə çarpır", - deyə Viktor Borzıx izah edib.
Məsələ burasındadır ki, gözyaşı aparatının işinə cinsi hormonlar, xüsusən də estrogen və progesteron təsir göstərir. Menopoz baş verdikdə yumurtalıqların funksiyası azalır və bu hormonların səviyyəsi aşağı düşür. Bu da birbaşa gözlərin vəziyyətinə təsir edir.
Ekspert ikinci həssas qrup kimi kompüterlərdən və digər rəqəmsal cihazlardan uzun müddət istifadə edən peşə nümayəndələrinin adını çəkib.
"Ekrana uzun müddət diqqəti cəmləyən zaman insan daha az göz qırpır. Bu səbəbdən də gözyaşı təbəqəsi daha tez buxarlanır və daha az stabil olur. Buna görə də risk qrupunda ofis əməkdaşları, proqramçılar, dizaynerlər, mühasiblər, analitiklər və operatorlar var", - deyə oftalmoloq qeyd edib.
Viktor Borzıx göz quruluğuna səbəb olan əlavə amillər kimi quru havanı, kondisionerin aktiv şəkildə işləməsini, qeyri-kafi və ya düzgün olmayan işıqlandırmanı da vurğulayıb.