Qırğız Respublikasının "TezJet" aviaşirkətinə məxsus təyyarə Manas vilayət mərkəzindən uçarkən Bişkek aeroportunda sərt eniş həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS paytaxt hava limanının nümayəndəsinin sözlərinə istinadən məlumat yayıb.
"Manasdan gələn "TezJet" layneri sərt eniş edib. Hazırda hadisə yerində müvafiq xidmətlərin nümayəndələri çalışırlar. İlkin məlumatlara əsasən, hadisə nəticəsində zərərçəkən yoxdur", - deyə mənbə qeyd edib.
Şahidlərin sözlərinə görə, yerə endikdən sonra hava gəmisi yana aşıb, sərnişinlərin təxliyəsi isə şişmə trap vasitəsilə həyata keçirilib. Dərhal əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib. Sosial şəbəkələrdə yayılan və hadisə yerindən çəkilmiş videolara əsasən, laynerin ciddi zərər gördüyü məlum olur. "TezJet" təyyarəsinin qəzalı enişindən sonra Bişkek hava limanı uçuşların qəbulu və göndərilməsini müvəqqəti olaraq dayandırıb.