"BMT Baş katibi Antonio Quterreş "Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında baş katibin sözçüsünün müavini Florencia Soto Nino bildirib.
O qeyd edib ki, baş katib faciəli təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün araşdırmaların aparıldığından məlumatlıdır: "Biz Qazaxıstan Respublikasının hakimiyyət orqanlarının Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində faciəli hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmaya başladığını qeyd edirik. Nəticəni gözləyərkən baş katib bir daha qurbanların ailələrinə və zərərçəkmiş xalqlara dərin hüznlə başsağlığı verir", - sözçü bildirib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan, AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəzada 38 nəfər faciəli şəkildə həyatını itirib.