Nepal daşqından zərər çəkmiş ərazilərdə təxminən 20 000 evi yenidən qurmalı olacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi hakimiyyət orqanlarına istinadən məlumat verib.
Nepalın Fəlakət Risklərinin Azaldılması və Aradan Qaldırılması Milli İdarəsinin bildirdiyinə görə, 7 500 ev tamamilə dağılıb - daşqın yuyub aparıb və ya palçıq və dağıntılar altında qalıb.
"Evləri eyni yerlərdə yenidən qurmanın mənası yoxdur, çünki insanlar üçün risklər qalmağa davam edəcək", - deyə idarənin rəhbəri Dharma Radj Upreti qeyd edib.
Ölkə hakimiyyət orqanları tikinti üçün yeni, daha təhlükəsiz yerlər müəyyənləşdirirlər.
Xatırladaq ki, təbii fəlakət avqustun 26-da səhər Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, daşqına səbəb "Rasuvaqadxi" sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə, Çinlə sərhəddə baş verən buz uçqunu olub. Su, palçıq və qaya parçalarından ibarət olan güclü axın çay yatağı boyunca yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edərək, yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və böyük ərazini su altında qoyub.
Son məlumatlara görə, daşqın nəticəsində 1 252 nəfər həlak olub, 4 875 nəfər isə hələ də itkin düşmüş hesab edilir.