Burkina ordusu yüzdən çox terrorçunun məhv edildiyini təsdiq edib.
Fransanın Lemonde.fr nəşrinin ordunun mətbuat xidmətinə istinadən xəbərinə görə, fevralın 4-də cihadçıların hücumu nəticəsində Burkina-Fasonun şimalında 14 dinc sakin qətlə yetirilib.
Cavab olaraq ordu yerüstü və havadan hücumlar təşkil edərək üç şimal əyalətində 146 terrorçunu məhv edib. “Frans-Press” agentliyi bu rəqəmi müstəqil mənbələrdən təsdiq edə bilməyib.
Terror hücumu Burkina-Fasonun paytaxtı Uaqaduquda bu gün başlanacaq G5 Sahel sammitindən öncə baş verib.
Mali ilə sərhəddə yerləşən, Yatenqa əyalətinin Kain şəhərində baş vermiş cihadçıların hücumu ölkədə qeydə alınmış ən ciddi hücumlardan biridir.
“Fevralın 3-dən 4-nə keçən gecə Kain şəhərinə terrorçuların hücum etməsi 14 dinc sakinin qətlinə səbəb olub”, - deyə ordunun kommunikasiyalar üzrə direktoru, polkovnik Lamus Fofana bildirib.
“Bu hücuma cavab olaraq müdafiə və milli təhlükəsizlik qüvvələri dərhal Kain, Ban və Bomboro departamentlərində əməliyyatlara başlayıblar. Yerüstü və havadan həyata keçirilən əməliyyatlar nəticəsində 146 terrorçunu zərərsizləşdirmək mümkün olub”, - deyə L.Fofana dəqiqləşdirib.
Qeyd edək ki, 2015-ci ildən etibarən cihadçıların hücumu nəticəsində Burkina-Fasoda 300-dən çox dinc sakin qətlə yetirilib.