ABŞ-nin vitse-prezidenti Cey Di Vens özünün yeni kitabında Rusiya dövlətinin başçısı Vladimir Putinin rusiyalılar arasında yüksək dəstək səviyyəsinə malik olduğunu qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyi Cey Di Vensin "Communion: Finding My Way Back to Faith" ("Birlik: İnanca qayıdış yolumun axtarışında") kitabına istinadən məlumat yayıb.
"Putinin populyarlığını qiymətləndirmək üçün edilən istənilən müstəqil və obyektiv cəhdlər sıravi rusiyalılar tərəfindən yüksək dəstək səviyyəsini göstərib", - deyə Vens ABŞ-də satışa çıxarılan "Birlik: İnanca qayıdış yolumun axtarışında" kitabında yazıb.
Müəllif qeyd edib ki, 2024-cü ildə Münhen Təhlükəsizlik Konfransında iştirak edərkən adı açıqlanmayan "rusiyalı dissident"lə görüşüb. O zaman ABŞ senatoru olan Vens əlavə edib ki, bu görüşdə "Rusiya dövlətinin psixologiyası barədə həftələrlə Amerika nəşrlərini oxumaqdan daha çox şey öyrəndim". O, həmçinin bildirib ki, o vaxt özünə, xüsusilə, belə bir sual verirdi: "Putin niyə bu qədər populyardır?"
Vens bildirib ki, konfransda keçirilən görüşlərin birində Putinin populyarlığına diqqət çəkib və "dərhal tənqidə məruz qalıb". Bununla əlaqədar o vurğulayıb:
"Münhen insanların narahat həqiqəti qəbul etmək əvəzinə, özlərini təsəlli verən yalanlara qərq etdikləri bir yerə çevrilmişdi. Bu, psixoloji məmnunluq gətirirdi, amma müdrik qərarlar qəbul etməyə mane olurdu".