Elbrus dağına yürüş zamanı alpinist və onun 11 yaşlı oğlu həlak olublar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional idarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə Elbrusun şərq zirvəsinə qalxarkən baş verib. Ata və oğul 4 200 metr yüksəklikdə qayalıq ərazidə hərəkət edərkən yıxılıblar. Nəticədə 1986-cı il təvəllüdlü kişi çoxsaylı bədən xəsarətləri alıb, 2015-ci il təvəllüdlü oğlu isə aldığı ağır travmalar nəticəsində hadisə yerində həyatını itirib. Həkimlərin səylərinə baxmayaraq, atanın da həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə dərhal Elbrus Yüksək Dağ Axtarış-Xilasetmə Dəstəsinin 12 xilasedicisi və Rusiya FHN-in "Lider" Mərkəzinin əməkdaşları cəlb olunublar.
Qaranlıq və əlverişsiz hava şəraiti səbəbindən cəsədlərin təxliyəsinin iyulun 20-də həyata keçiriləcəyi bildirilib. Onların dağdan çıxarılması üçün kommersiya helikopterindən istifadə olunacağı qeyd edilib.
"Mash" "Telegram" kanalının yaydığı məlumata görə, 40 yaşlı Roman M. oğlu ilə birlikdə zirvəyə qalxıb. Geri qayıdarkən onların təhlükəsizlik kəndiri qırılıb. Ağır xəsarət almasına baxmayaraq, ata kömək çağırmağa nail olub. Lakin xilasedicilər hadisə yerinə çatana qədər hər ikisi həyatını itirib.
Məlumata əsasən, Stavropol diyarının Rızdvyani qəsəbəsində yaşayan ailə ötən il də Elbrus zirvəsinə qalxmağa cəhd edib. Həmin vaxt zirvəyə təxminən 300 metr qalmış uşağın səhhəti pisləşdiyi üçün yürüş yarımçıq dayandırılıb.
Xatırladaq ki, dəniz səviyyəsindən 5 642 metr yüksəklikdə yerləşən Elbrus dağı Rusiya və Avropanın ən yüksək zirvəsi hesab olunur.