Rusiyada Elbrus dağına qalxarakən həlak olan bosniyalı alpinistlərdən üçünün cəsədi aşkarlanıb. Onların ölümü ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın ilkin məlumatına görə, iyulun 24-də Bosniya və Herseqovina vətəndaşlarından ibarət 7 nəfərlik alpinist qrupu Elbrusa qalxmağa başlayıb. Növbəti gün axşam hava şəraitinin kəskin pisləşməsi səbəbindən onlar marşrutdan yayınaraq yolu itiriblər. Həmin vaxt küləyin sürəti saatda 45 km olub, səhərə yaxın isə təxminən 70 km/saata çatıb.
Qrup üzvlərindən biri dağdan enərək kömək istəyib və bildirib ki, 5 100 metr yüksəklikdə iki alpinist özlərini pis hiss edib və həyatını itirib. Xilasetmə əməliyyatı zamanı sağ qalan bir alpinist və daha üç nəfərin cəsədi aşkar edilib.
Qeyd olunub ki, alpinistlər bələdçi olmadan dağa qalxıblar və adi turist deyil, peşəkar alpinist olublar.
Axşam saatlarında Elbrusda axtarış işləri dayandırılıb. Axtarışların sabah səhər yenidən davam etdirilməsi planlaşdırılır.
Faktla bağlı iki və daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.
Elbrus dağının zirvəsinə qalxarkən orada çətin vəziyyətdə qalan yeddi alpinistin hamısının Bosniya və Herseqovina vətəndaşı olduğu müəyyənləşib. Onlardan beşi həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "REN TV|Novosti" "Telegram" kanalında məlumat yayılıb.
Hadisə nəticəsində iki alpinist sağ qalıb. Onlardan biri dağdan enərək kömək çağırmağı bacarıb. Digərinə isə xilasedicilər hadisə yerində yardım göstəriblər. Hazırda hər iki şəxs xəstəxanada müalicə alır.
Bundan əvvəl qrupdan iki alpinistin həlak olduğu bildirilmişdi. Məlumata görə, hadisə iki turistin səhhətinin qəfil pisləşməsi ilə başlayıb.
Alpinistlər yardım siqnalı göndərdikdən sonra Elbrus dağında axtarış-xilasetmə əməliyyatı başladılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus Yüksək Dağlıq Axtarış-Xilasetmə Dəstəsinin xilasediciləri turistlərin köməyinə cəlb olunublar.