Səudiyyə Ərəbistanında insestdə (yaxın qohum, o cümlədən, qızı yaxud oğlu ilə cinsi əlaqədə olmaq – red.) günahkar bilinmiş kişinin başı kəsilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Agence France-Presse (AFP) yayıb.
Həsən Qəzvaninin edamı Cizan şəhərində baş tutub.
Cinayətin özü haqqında isə o məlumdur ki, cinsi əlaqə nəticəsində qadın hamilə qalıb. Edam olunmuş şəxslə qadının arasındakı qohumluq münasibətlərinin dərəcəsi barədə məlumat verilmir.
Qeyd edək ki, oktyabrda müsəlman din xadimi Fayxan əl-Həmdi ilə bağlı hadisə geniş rezonans doğurmuşdu. O, 5 yaşlı qızını zorlaması və öldürməsinə görə səkkiz il həbs cəzası və 800 qamçı zərbəsinə layiq görülmüşdü. O zaman qeyd olunurdu ki, qızın anası pul kompensasiyası müqabilində ərini bağışladığı üçün həmin şəxs edam edilməyib.
Səudiyyə Ərəbistanında sərt şəriət normaları qüvvədədir. Bu ölkədə zorlama, qətl, xəyanət, silahlı qarət və narkotik ticarətinə görə ölüm hökmü verilir. İlin əvvəlindən Səudiyyə Ərəbistanında 74 nəfər edam olunub.