Rafiq Hüseynovun ağciyər xərçəngindən əziyyət çəkdiyini sizə xəbər vermişdik. O, əməliyyat üçün Türkiyənin “Florens Naytngel Hospital” klinikasına müraciət edib:
“Çox həyəcanlıyam. Bir azdan əməliyyata girəcəyəm. Dualarınız əskik olmasın. Mənə dua edin!”
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, xalq artisti, tanınmış televiziya diktoru Rafiq Hüseynovun əməliyyata girməsinə dəqiqələr qalıb. Onun sözlərinə görə, dekabrın 9-da müayinədən keçib:
“Cavablar gələnə kimi çox narahat oldum. Dünən özümü çox pis hiss edirdim. Şükür Allaha ki, müayinənin nəticələri müsbət gəldi. Bunu biləndən sonra bir az rahatladım”.
R.Hüseynov narahatlığının davam etdiyini, əməliyyatın nə qədər ağır olduğunu bildiyini də söyləyib:
“İnsan əməliyyata girəndə, əlbəttə ki, narahatlıq keçirməlidir. Bu gün sizinlə danışa bilirəm. Amma sabah nə olacaq, onu daha sizə dostum və həyat yoldaşım deyəcəklər. Çünki əməliyyat olunan insan, yəqin ki, bir müddət danışa bilməz”.