Ermənistan ordusunda gecə saatlarında döyüş növbətçiliyi çəkən müqavilə əsasında xidmət edən hərbi qulluqçu odlu silahdan yaralanıb.
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlama verib.
O bildirib ki, ilkin ehtimallara görə, hərbçi silahla davranış qaydalarını pozduğu üçün yaralanıb. Onun sözlərinə görə, hərbi qulluqçunun həyatı üçün təhlükə yoxdur.
Ermənistan KİV-in məlumata görə, müqavilə əsasında xidmət edən Yeprem Gevorkyan gecə saatlarında döyüş növbətçiliyi apararkən güllə yarası alıb.
Bildirilir ki, çiynindən yaralanan əsgər hərbi hospitala aparılıb. Mənbənin iddialarına görə, Gevorkyan huşsuz vəziyyətdə olub.
Ermənistan Müdafiə Nazirliyi hadisənin təfərrüatı, o cümlədən atəşin kim tərəfindən açıldığı və digər hərbçinin iştirakının olub-olmadığı barədə dəqiq məlumat verməyib.