Ermənistan ABŞ ilə birgə həyata keçirilən "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsi üzrə sazişin Konstitusiyaya uyğun olub-olmadığını yoxlamaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası məsələsi hökumətin iyulun 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Hökumət qərarının layihəsi sənəddə nəzərdə tutulan öhdəliklərin ölkə Konstitusiyasına uyğunluğunu müəyyənləşdirmək məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilməsini nəzərdə tutur. Əgər Konstitusiya Məhkəməsi bu öhdəliklərin Konstitusiyaya zidd olmadığını təsdiqləyərsə, hökumətin qanunvericilik təşəbbüsü müəyyən olunmuş prosedur qaydalarına uyğun olaraq parlamentə təqdim ediləcək.
Xarici işlər nazirinin müavini Vahan Kostanyan Konstitusiya Məhkəməsində hökumətin rəsmi nümayəndəsi səlahiyyətlərini icra edəcək.
Qanun layihəsinin əsaslandırmasına əsasən, bu sənədin qəbulu Ermənistan və Amerika Birləşmiş Ştatları arasında TRIPP üzrə strateji əməkdaşlıq haqqında Çərçivə sazişinin qüvvəyə minməsi üçün tələb olunan zəruri prosedurları təmin edəcək.
Qeyd edək ki, çərçivə müqaviləsi 2026-cı il iyunun 1-də Vaşinqtonda və iyunun 4-də İrəvanda imzalanıb.