"Fransada hüquq-mühafizə orqanlarının əməkdaşları hökumətin sosial ehtiyaclar üçün xərcləri azaltmaq planlarına qarşı etiraz aksiyalarında 300-dən çox adamı saxlayıblar".
Oxu.Az-ın BFMTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Fransanın daxili işlər naziri Brüno Retayo deyib.
Nazir bildirib ki, ölkə üzrə 309 nəfər saxlanılıb, onlardan 134-ü həbs edilib.
O qeyd edib ki, nümayişlərdə 7 300 "radikal əhval-ruhiyyəli şəxs" iştirak edib.
Fransada ümummilli tətil səbəbi ilə paytaxt Parisin əsas turistik məkanı olan Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə abidənin rəsmi saytında bildiriş dərc olunub.
Bununla belə, qüllənin altındakı meydan axşam saat 21:00-a qədər (Bakı vaxtı ilə 23:00) ziyarətçilər üçün açıq qalacaq.
Qeyd olunur ki, "Sud Rail" dəmir yolu işçiləri həmkarlar ittifaqının 100-ə yaxın etirazçısı Fransa İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik Nazirliyinin binasına daxil olub.
Asayişi qorumaq üçün Daxili İşlər Nazirliyi 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və PUA cəlb edir.
Bu gün Fransada hökumətə qarşı aksiyalar başlayıb.
Oxu.Az-ın RMC radiostansiyasına istinadla məlumatına görə, etirazlar hökumətin sərt iqtisadi tədbirlərinə qarşı ümummilli tətil çərçivəsində təşkil olunub.
Aksiyalar zamanı nümayişçilərlə polis arasında qarşıdurma baş verib, azı 30 nəfər saxlanılıb. Toqquşmalar, xüsusilə Tuluzada, Brestdə və Marseldə müşahidə edilib. Polis gözyaşardıcı qazdan istifadə edib, nümayişçilər isə tüstü bombaları ilə cavab veriblər.
Hakimiyyət orqanları bütün ölkə üzrə nümayişlərdə təxminən 900 min nəfərin iştirak edəcəyini proqnozlaşdırır.