Türkiyənin İstanbul şəhərində yağan güclü yağış selə səbəb olub. Şəhər miqyasında baş verən daşqınlarda 3 nəfər həyatını itirib, 4 nəfərdən isə xəbər yoxdur.
Bu barədə Oxu.Az NTV-yə istinadən məlumat verir.
Xatırladaq ki, güclü yağışdan sonra şəhərin bir çox küçələri su altında qalıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Kağıthane rayonunda bir kişinin cansız bədəni çayın kənarında tapılıb. Körpünün sütununa ilişmiş vəziyyətdə aşkarlanan kişinin şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər gedir.
Daşqınlar zamanı Fatih rayonunda 14 yaşlı oğlan su basmış ərazidə elektrik cərəyanı vurması nəticəsində ölüb, Sarıyer rayonunun Ayazağa məhəlləsində isə 34 yaşlı kişi yıxılaraq həyatını itirib.
İstanbulda şiddətli leysan və fırtına şəhərdə həyatı iflic edib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib.
Məlumata görə, 14 yaşlı vətəndaş su basmış ərazini üzərək keçmək istəyərkən onu elektrik cərəyanı vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan şəxs həkimlərin bütün səylərinə baxmayaraq, dünyasını dəyişib.
Bundan əlavə, küçədə evinin qarşısında sel sularını keçərək yolun o biri tərəfinə adlamağa çalışan 34 yaşlı şəxs ayağının sürüşməsi nəticəsində yıxılaraq başını səkiyə çırpıb. Həmin şəxsi ətrafdakı vətəndaşlar xilas ediblər. Xəstəxanada müalicəyə alan İstanbul sakini göstərilən bütün tibbi müdaxilələrə rəğmən həyatını itirib.
İstanbul Valiliyi isə leysan yağışlarının yaratdığı fəsadların statistikasını açıqlayıb.
Məlumata görə, şəhərboyu 8 min şəxsi heyət, eləcə də 2 min avtomobil və xüsusi texnika əraziyə cəlb olunub.
Qeyd olunub ki, ümumilikdə 2 518 şikayət daxil olub. Bunlardan 1 277-si subasma, 15-i torpaq sürüşməsi, 47-si köməksiz vəziyyətdə qalma, 13-ü ağac aşması və 2-si dam uçması ilə bağlıdır.
Xəbərdə bildirilir ki, yağışlarla əlaqədar İstanbulda tədris prosesi bir günlük dayandırılıb.