Yaxın Şərqdə davam edən münaqişənin taleyini dəyişə biləcək yeni diplomatik proseslə bağlı iddialar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. HƏMAS-ın müəyyən şərtlər çərçivəsində tərk-silah olunmasına dair yayılan məlumatlar fonunda Qəzza zolağında təhlükəsizlik modelinin yenidən formalaşdırılması, beynəlxalq qüvvələrin bölgəyə yerləşdirilməsi və İsrail ordusunun mərhələli şəkildə çıxışı ehtimalları müzakirə olunur. Bəs bu ssenari reallaşsa, regionun gələcəyinə necə təsir göstərə bilər?
Politoloq Rəşad Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, HƏMAS-ın tərk-silah edilməsi ilə bağlı yayılan xəbərlər təsdiqini taparsa, bu, sözsüz ki, Yaxın Şərqdə yeni siyasi mərhələnin başlanğıcı olacaq:

"Həqiqətən də müxtəlif diplomatik təşəbbüslər çərçivəsində təşkilatın müəyyən şərtlər daxilində silahların təhvil verilməsinə qismən razılıq verdiyinə dair iddialar var. Eyni şəkildə bunun ardınca Beynəlxalq Sabitləşdirici Qüvvələrin Qəzza zolağına yerləşdirilməsi və İsrail Müdafiə Qüvvələrinin mərhələli şəkildə bölgədən çıxmasına dair müzakirələrin aparıldığı da bildirilir. Lakin bu prosesin reallaşması elə də asan məsələ deyil, bir sıra mürəkkəb siyasi və təhlükəsizlik amillərindən asılıdır. İlk növbədə HƏMAS-ın tam şəkildə tərk-silah edilməsi nəzəri baxımdan mümkün olsa da praktikada son dərəcə çətin görünür. Çünki HƏMAS təkcə silahlı struktur deyil, eyni zamanda uzun illər ərzində formalaşmış siyasi, sosial və inzibati şəbəkəyə malikdir. Belə bir strukturun silahlı qanadının ləğvi üçün də təkcə hərbi deyil, siyasi təminatlar, təhlükəsizlik zəmanətləri və gələcək idarəçilik modeli barədə razılaşmalar tələb olunur. Əks halda silahların bir hissəsinin gizlədilməsi, müxtəlif qrupların mərkəzi nəzarətdən çıxması və ya yeni silahlı təşkilatların meydana çıxması ehtimalı qalacaq".
"Beynəlxalq Sabitləşdirici Qüvvələrin bölgəyə yerləşdirilməsi də asan proses deyil. Belə missiyanın uğuru həm İsrailin, həm də Fələstin tərəfinin həmin qüvvələrə etimad göstərməsindən asılı olacaq. Əgər beynəlxalq kontingent tərəflərdən biri tərəfindən qərəzli qəbul edilərsə, onun fəaliyyəti ciddi risklərlə üzləşə bilər. Bundan əlavə, bölgədə təhlükəsizliyin qorunması, humanitar yardımın çatdırılması və mülki idarəçiliyin bərpası uzunmüddətli resurslar tələb edəcək.
Ümumiyyətlə isə İsrail Müdafiə Qüvvələrinin mərhələli şəkildə bölgəni tərk etməsi yalnız təhlükəsizlik vəziyyətinin sabitləşməsi fonunda mümkün görünür. İsrail üçün əsas prioritet sərhədlərinə qarşı yeni hücum riskinin minimuma endirilməsidir. Bu səbəbdən hər hansı çıxış prosesi çox güman ki, beynəlxalq monitorinq mexanizmləri və ciddi təhlükəsizlik şərtləri ilə müşayiət olunacaq", - ekspert qeyd edib.
Onun sözlərinə görə, növbəti mərhələdə Qəzzanın idarə olunması isə əsas müzakirə mövzusudur:
"Burada Fələstin Administrasiyasının rolunun artırılması, texnokrat hökumətin yaradılması və ya beynəlxalq nəzarət altında keçid administrasiyasının hansı müddətdə fəaliyyət göstərməsi kimi məsələlər gündəmə gələcək. Eyni zamanda genişmiqyaslı yenidənqurma proqramlarının başlanması və humanitar vəziyyətin yaxşılaşdırılması sabitliyin qorunması üçün həlledici əhəmiyyət daşıyacaq".
"Ümumilikdə isə HƏMAS-ın tərk-silahı və İsrail Müdafiə Qüvvələrinin əraziləri tərk etməsi regionda gərginliyin azalması üçün mühüm imkan yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, təkcə silahların təhvil verilməsi uzunmüddətli sülhə zəmanət vermir. Davamlı sabitlik yalnız təhlükəsizlik mexanizmlərinin, siyasi razılaşmaların, legitim idarəçiliyin və iqtisadi bərpa proqramlarının paralel şəkildə həyata keçirilməsi ilə mümkün ola bilər. Əks halda, mövcud boşluq yeni silahlı qrupların yaranmasına və münaqişənin fərqli formada yenidən alovlanmasına səbəb ola bilər", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.