Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilən bu əlamətdar gün dövlət dilinin qorunmasına və inkişafına verilən önəmin təzahürü hesab edilir. Sonrakı illərdə qəbul olunan qanunvericilik aktları, həyata keçirilən dövlət proqramları və Prezident İlham Əliyevin bu sahədə imzaladığı sərəncamlar Azərbaycan dilinin saflığının qorunması, latın qrafikalı əlifbanın tam tətbiqi və dilimizin müasir dövrün çağırışlarına uyğun inkişafında mühüm rol oynayıb.
Bəs bu gün Azərbaycan dili ilə bağlı hansı çağırışlar var? Dövlət siyasəti bu istiqamətdə hansı nəticələri verib?
Mövzu ilə bağlı Oxu.Az-a danışan filologiya üzrə fəlsəfə doktoru Aqil Cəfərov bildirib ki, Prezident İlham Əliyevin ana dilinə münasibəti hər zaman mühafizəkar və qoruyucu xarakter daşıyıb.

Onun sözlərinə görə, dövlət başçısının istər imzaladığı sərəncamlarda, istərsə də Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışlarında əsas mesaj Azərbaycan dilinin saflığının qorunmasına yönəlib:
"Hazırda dilə lüzumsuz sözlərin daxil olmasına qarşı ciddi mübarizə aparılsa da təəssüf ki, bəzi telekanallarımızda, aparıcıların nitqində, eləcə də internet televiziyalarında və bloqerlərin leksikonunda yad sözlərin, terminlərin süni surətdə dilə gətirilməsi halları ilə rastlaşırıq. Əgər dilimizdə hər hansı yeni məfhumu ifadə edən söz yoxdursa və onun ekvivalenti tapılmırsa, həmin alınma sözün lüğətə daxil olması başadüşüləndir. Lakin yersiz istifadə yolverilməzdir".
A.Cəfərov qeyd edib ki, son illər onu ən çox narahat edən məsələlərdən biri də Türkiyə türkcəsindən Azərbaycan dilinə ehtiyac olmayan sözlərin gətirilməsidir:
"Bəzən "Azərbaycan türkcəsi" ifadəsi işlədilir, lakin mən bunu qətiyyən qəbul etmirəm. Ümummilli lider Heydər Əliyevin dövründə də bu məsələ müzakirə olunmuşdu və yekun mövqe ondan ibarət idi ki, dilimizi "Azərbaycan türkcəsi" adlandırmaq Azərbaycan dilini indiki türk dilinin sadəcə bir ləhcəsi kimi təqdim etmək deməkdir".
Dilçi alim xatırladıb ki, 2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun dövlət dilinin idarəçilikdə, kütləvi informasiya vasitələrində, reklamlarda və elanlarda düzgün istifadəsi üçün mühüm hüquqi baza yaradıb.
O, həmçinin latın qrafikalı əlifbaya keçidin əhəmiyyətinə toxunaraq bildirib:
"2001-ci il avqustun 9-da ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə ölkədə tam olaraq latın qrafikalı Azərbaycan əlifbasına keçildi. Bu, eyni zamanda dünya elminə və qlobal məkanlara mühüm bir keçid idi".
A.Cəfərovun sözlərinə görə, sonrakı dövrdə dövlət dəstəyi ilə Azərbaycan dilinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib:
"2012-ci ildə cənab Prezident İlham Əliyev dövlət dilinin qorunması ilə bağlı dövlət layihəsi çərçivəsində Dilçilik İnstitutuna 2 milyon manat vəsait ayırdı. Həmin dəstək sayəsində Azərbaycan dilinin orfoepiya lüğəti hazırlanaraq nəşr olundu. Daha sonra xarici ədəbiyyatlar latın əlifbası ilə ana dilimizə tərcümə edildi, Azərbaycan ədəbiyyatı və sovet dövründə nəşr olunmuş kitablar yenidən latın qrafikası ilə çap olundu".
Ekspert bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında da əsas diqqət müasir dövrün çağırışlarına yönəlib:
"Dilə süni şəkildə yersiz sözlərin gətirilməsinin qarşısı alınmalı, Azərbaycan dilinin rəqəmsal məkana tam inteqrasiyası təmin edilməlidir. Bu gün süni intellekt, təbii dilin emalı, maşın tərcüməsi və digər texnologiyalar sürətlə inkişaf edir. Azərbaycan dilinin Milli Korpusu hazırlanır. Bununla yanaşı, yeni terminlər qrammatik qaydalarımıza uyğunlaşdırılmadan qəbul edilməməlidir".
O, süni intellektdən mətn hazırlanmasında istifadəyə də tənqidi yanaşdığını vurğulayıb:
"İnsanlar illərlə formalaşdırdıqları fərdi üslubları ilə tanınırlar. Amma bu gün heç vaxt normal mətn yazmayan şəxs süni intellekt vasitəsilə şablon qüsursuz mətn hazırlayıb öz adına paylaşır. Bu, məni ciddi narahat edir".
A.Cəfərov əlavə edib ki, süni intellektin inkişafı yalnız dilçilik deyil, kibertəhlükəsizlik baxımından da yeni risklər yaradır:
"Deepfake texnologiyaları vasitəsilə insanların səs və videolarının saxtalaşdırılması, şantaj halları artır. Təsadüfi deyil ki, Daxili İşlər Nazirliyi bu istiqamətdə fəal işləyir və kibertəhlükəsizliklə bağlı xüsusi struktur da yaradılıb".