Hindistanın paytaxtı Yeni Dehlidə parlamentə doğru təşkil olunan etiraz yürüşü zamanı baş verən toqquşmalarda azı 118 polis əməkdaşı və təxminən 60 etirazçı xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dehli Polisi məlumat yayıb.
Məlumata görə, "Cockroach Janta Party" (CJP) adlı gənclər hərəkatının təşkil etdiyi aksiya zamanı iştirakçılar polisin dağılmaq çağırışına məhəl qoymayıb və aqressiv davranış sərgiləyiblər.
Polisin açıqlamasında bildirilir ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və müxtəlif əşyalar atıb, polis maneələrini yarmağa cəhd göstərib, xidməti avtomobillərə və digər dövlət əmlakına ziyan vurublar. Bundan əlavə, aksiya zamanı ictimai asayişi ciddi şəkildə pozan zorakılıq halları qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qarşıdurmalar nəticəsində zabitlər də daxil olmaqla 118-dən çox polis əməkdaşı, o cümlədən bir neçə qadın polis əməkdaşı xəsarət alıb. Təxminən 60 etirazçının da müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Polis həmçinin etirazçılar tərəfindən dövlət əmlakına ciddi ziyan vurulduğunu açıqlayıb. Hadisə zamanı 15-20 dövlətə məxsus nəqliyyat vasitəsinin və digər dövlət əmlakının zədələndiyi və ya məhv edildiyi qeyd olunub.
Məlumata görə, hadisə ilə əlaqədar təxminən 70 nəfər saxlanılıb. Polis qanunsuz əməllərdə və zorakılıq aktlarında iştirak edən bütün şəxslər barəsində qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcəyini bildirib.
Xatırladaq ki, iyulun 20-də Dehli polisi icazəsiz keçirilən "Chalo Sansad" ("Parlamentə yürüş") aksiyasının iştirakçılarını dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, "Cockroach Janta Party" (CJP) hərəkatı Hindistan Ali Məhkəməsinin hakimi Suriya Kantın işsiz gənclərin bir hissəsini "tarakanlara" bənzətməsindən sonra, may ayında yaradılıb. Hərəkat siyasi partiya kimi qeydiyyatdan keçməyib. Təşkilat nümayəndələrinin sözlərinə görə, CJP artıq 40 minə yaxın fəalı birləşdirir.
Etiraz aksiyası ölkədə imtahan suallarının sızması və tibb ixtisası üzrə qəbul imtahanının təxirə salınması ilə bağlı yaranmış qalmaqal fonunda keçirilib. Bundan əvvəl CJP-nin bir neçə fəalı aclıq aksiyasına başlayıb.