Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Husilər Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları bərpa edirlər
Husilər İsraillə əlaqəli gəmilərə Qırmızı və Ərəbistan dənizlərində hücumları bərpa edəcəklər.
Oxu.Az-ın RBK-ya istinadən məlumatına görə, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının nümayəndəsi Yəhya Saria özünün "Telegram" kanalında yazıb.
"İsrail düşmənini Qəzza sektoruna nəzarət-buraxılış məntəqələrini açmaq və humanitar yardım çatdırmaq üçün təzyiq göstərmək və inandırmaq məqsədilə vasitəçilərə verilən müddətin başa çatması ilə əlaqədar olaraq, Yəmən Silahlı Qüvvələri Qırmızı və Ərəbistan dənizləri, həmçinin Babül-Məndəb boğazı və Ədən körfəzi əməliyyat zonasında bütün İsrail gəmilərinin keçidinə qadağanın bərpa olunduğunu təsdiqləyir", - deyə o əlavə edib.
Saria qeyd edib ki, qərar elan edildiyi andan qüvvəyə minir və Qəzza sektoruna nəzarət-buraxılış məntəqələri və humanitar dəhlizlər açılana qədər qüvvədə qalacaq.
"Bu qadağanı pozmağa çalışan hər hansı İsrail gəmisi hücuma məruz qalacaq", - deyə o əlavə edib.
Xatırladaq ki, martın 2-də İsrail, HƏMAS-ın ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun təklif etdiyi atəşkəsin uzadılması planını dəstəkləməkdən imtinası səbəbindən Qəzza sektoruna humanitar yardımın çatdırılmasını bloklayıb. İsrail girovlarının Fələstin məhbusları ilə mübadiləsinin həyata keçirildiyi razılaşmanın birinci mərhələsi həmin gün başa çatıb.
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, Təl-Əviv İsrail girovları azad edilməyənə qədər atəşkəs rejiminə razı olmayacaq və HƏMAS-a ABŞ-nin təklif etdiyi planı nəzərə almamağa davam edərsə, mümkün nəticələr barədə xəbərdarlıq edib.
Qruplaşma razılaşmanın ikinci mərhələsinə keçməkdə israr edir ki, bu da döyüş əməliyyatlarının tam dayandırılmasını, İsrail hərbçilərinin Qəzza sektorundan tam çıxarılmasını və qalan bütün girovların azad edilməsini nəzərdə tutur.