İndoneziyada, Mərkəzi Yavanın iki rayonunda baş vermiş torpaq sürüşmələri nəticəsində 30 nəfər ölüb, təxminən 40 nəfər itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi Agentliyinin nümayəndəsi Abdul Muhariyə istinadən məlumat yayıb.
Leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri ötən həftənin sonunda Çilakap şəhərinə və Bancarnegara rayonuna zərbə vurub. Onlarca ev zədələnib, 900-dən çox sakin təxliyə edilib.
Çilakapda xilasetmə işlərinə polis və hərbçilər daxil 700 nəfər cəlb olunub. İşlər növbəti həftəyə qədər davam etdiriləcək.
Qeyd edək ki, İndoneziyada yağış mövsümü sentyabrda başlayıb və yerli meteorologiya agentliyinin məlumatına görə, aprel ayına qədər davam edəcək. Bu da bir çox rayonlarda daşqın və ekstremal yağıntı riskini artırır.