Yaxın gələcəkdə qlobal iqlim dəyişikliklərinin səbəb olduğu illik ziyanın həcmi 450 milyard dollara çata bilər. Təbii fəlakətlərin çox olduğu illərdə isə bu rəqəmin daha da yüksələcəyi ehtimal edilir.
Oxu.Az xəbər verir ki, bu məlumatı ABŞ-nin "Verisk Analytics" analitik şirkətinin hesabatlarına əsaslanaraq "Financial Times" nəşri yayıb.
BMT-nin məlumatlarına əsasən, iki il əvvəl çoxalan infrastruktur itkiləri və oxşar fəlakətlərin vurduğu ziyan 320 milyard dollar təşkil edib. Risklərin modelləşdirilməsi üzrə ixtisaslaşan analitik şirkətin son rəqəmlərinə görə isə, təbii fəlakətlər nəticəsində yaranan qlobal ziyanın təqribən 62 faizi, yəni orta hesabla 279 milyard dollarlıq hissəsi sığortalanmır.
İtkilərin, həcminin çoxalması iqlim dəyişikliyinin ağırlaşan fəsadlarının göstəricisidir. Hazırkı vəziyyətdə təbii fəlakət riskləri səbəbindən böyük zərərlər görən sığorta sektoru, proqnozlaşdırılan ümumi ziyanın getdikcə daha kiçik bir qismini ödəyir. Hətta böyük sığorta müəssisələri daha yüksək riskli zonalarda müqavilə müddətini uzatmaqdan boyun qaçıraraq bəzi bölgələrdəki fəaliyyətlərini tamamilə dayandırıblar.
"Verisk Analytics"in məlumatına əsasən, 2025-ci ilin mart ayında Myanmada qeydə alınan 7.7 maqnitudalı zəlzələ təqribən 12 milyard dollarlıq zərərə səbəb olub və sığortaçılar bu məbləğin yalnız 100 milyon dollardan az olan qismini qarşılayıb. Eyni zamanda, 2025-ci ilin iyul ayında Texasda 130 nəfərin ölümü ilə nəticələnən daşqınların vurduğu ziyan 1.1 milyard dollar dəyərində hesablanıb, lakin bu zərərin də çox böyük hissəsi sığorta təminatından kənarda qalıb.