"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına - COP31-ə hazırlıq prosesinin ilk günündən Türkiyə komandası ilə birgə fəaliyyətə başlanılıb və bu istiqamətdə azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda deyib.
M.Babayev Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in sədri Murat Kurumun prosesdə Azərbaycanın COP29 təcrübəsindən geniş istifadə olunacağına dair fikirlərini şərh edərkən bildirib ki, konfrans çərçivəsində ən vacib məqamlardan biri Azərbaycanın dəstəyi ilə 200-ə yaxın üzv ölkə arasında razılıq və kompromisin əldə olunacağıdır.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin yekun qərarlara razılıq verməsi prosesin uğuru üçün həlledici əhəmiyyət daşıyır:
"Bununla yanaşı, COP31 çərçivəsində praktiki proqramların hazırlanması və onların icrasına yönəlmiş qərarların qəbul edilməsi əsas hədəflərdən biridir. Gündəlikdə duran mühüm istiqamətlərə elektrikləşmə prosesi, istixana qazı emissiyalarının azaldılması və təmiz enerjiyə keçid daxildir".
M.Babayev COP29-un davamı olaraq Antalyada da maliyyə məsələsinin müzakirə ediləcəyini deyib:
"Planlaşdırılan iqlim proqramlarının həyata keçirilməsi üçün maliyyə resurslarının cəlb edilməsi, bu prosesdə beynəlxalq maliyyə institutlarının, böyük bankların və özəl sektorun fəal iştirakının təmin olunması nəzərdə tutulur.
Türkiyə tərəfi ilə sıx dialoq və əməkdaşlıq mühiti mövcuddur ki, bu da birgə əməkdaşlığın daha effektiv, operativ şəkildə həyata keçirilməsinə imkan verir".