Şimali İrlandiyanın Demokratik Yunionist Partiyasının (DUP) keçmiş lideri Ceffri Donaldson zorlama da daxil olmaqla 18 epizod üzrə cinsi xarakterli cinayətlərdə təqsirli bilinib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu qərar məhkəmə iclaslarının keçirildiyi Nyuri şəhərindəki Kral Məhkəməsinin andlılar heyəti tərəfindən qəbul edilib.
63 yaşlı siyasətçi 1985-2008-ci illər ərzində iki zərərçəkənə qarşı törədildiyi iddia olunan cinsi xarakterli cinayətlərdə ittiham olunurdu. Bundan əlavə, onun 60 yaşlı həyat yoldaşı Eleonora Donaldson da bu cinayətlərin törədilməsinə yardım etməkdə ittiham olunub. O, səhhətindəki problemlərlə əlaqədar məhkəmə iclasında iştirak etməyib.
Cütlük 2024-cü ilin martında Şimali İrlandiya polisi tərəfindən saxlanılıb. 1987-ci ildən evli olan ər-arvad irəli sürülən bütün ittihamları ardıcıl olaraq rədd ediblər. Daha sonra onlar girov müqabilində sərbəst buraxılıblar.
Bundan qısa müddət sonra Ceffri Donaldson 2021-ci ilin iyunundan rəhbərlik etdiyi DUP lideri vəzifəsindən istefa verib. O, 1997-2024-cü illərdə Böyük Britaniya parlamentinin İcmalar Palatasında Şimali İrlandiyanın Laqan-Velli seçki dairəsini təmsil edib və 2019-cu ilin dekabrından etibarən DUP-un parlament fraksiyasına rəhbərlik edib. Siyasətçiyə 2016-cı ildə cəngavər titulu verilib.
Donaldson iyunun 22-də məhkəmə binasında həbs edilib. Onun barəsində hökm daha sonra elan olunacaq. Bununla belə, hakim Pol Ramzi artıq uzunmüddətli həbs cəzasının qaçılmaz olduğunu bildirib.