İsrail ordusu İranda raket mühərriki istehsalı müəssisəsinə və bir neçə ballistik raket buraxılışı meydançasına zərbələr endirib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən məlumat verilib.
"İsrail Hərbi Hava Qüvvələri İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən İranda hərbi infrastruktura zərbələr endirib. İsrail Müdafiə Qüvvələri raket mühərriklərinin istehsal olunduğu obyektə və İsrail dövlətinə doğru buraxılışlar üçün hazırlanmış bir neçə uzaqmənzilli ballistik raket buraxılışı məntəqəsinə zərbələr endirib", - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, İsrail ordusu İrandakı infrastruktur obyektlərinə zərbələr endirməyə davam edir.
İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın mərkəzi hissəsindəki infrastruktur obyektlərinə yeni zərbə dalğası endirməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
"SAXAL İranın mərkəzi hissəsində rejimin infrastrukturuna əlavə zərbə dalğasına başladı", - deyə İsrail ordusundan bildirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.