Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İstanbulda yoxa çıxdıqdan günlər sonra meşədə sağ tapılan qadın öldü: Ritual, ya iş yerində təzyiq?
Türkiyənin İstanbul şəhərində Belqrad meşəsinə getdikdən sonra yoxa çıxan və günlər sonra sağ tapılan 36 yaşlı memar Ece Gürel dünyasını dəyişib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, Ece Gürel martın 2-si Belqrad meşəsində gəzinti adı ilə evindən çıxıb və daha sonra ondan xəbər alınmayıb. Martın 4-də axtarış qrupları Belqrad meşəsində qadının mobil telefonunu və bəzi şəxsi əşyalarını tapıblar. 4 gün sonra isə o, gecə saatlarında meşəlik ərazidə tapılıb.
Ece Gürel uzun müddət soyuq havada qaldığı üçün hipotermiya keçirib. Xəstəxanaya yerləşdirilən qadının ürəyi bir müddət dayanıb. Həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılan Ece Gürel intubasiya edilərək reanimasiya şöbəsində yerləşdirilib. Lakin bütün müdaxilələrə baxmayaraq, gənc memarın həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.
Ece Gürelin meşəyə məhz hansı səbəbdən getdiyi və ölüm səbəbi isə hələ də sirr olaraq qalır.
Gənc qadının telefonunu və əşyalarını qoyub meşənin dərinliyinə getdiyi təxmin edilir. Gəzinti yollarının olduğu Belqrad meşəsində isə müəyyən marşrutlardan kənara çıxılmadığı təqdirdə itmək elə də asan deyil.
Üstəlik, Gürel meşəçilik fakültəsini bitirib və daha sonra landşaft memarı kimi fəaliyyət göstərib. Tələbəlik illərindən bölgəni yaxşı tanıyırdı və daim bu meşədə gəzir, fotolar çəkirdi. Qadının həyat yoldaşı ilə birlikdə meşədə bəzi səs rituallarına qatıldığı, rəqəmlərin sirri ilə maraqlandığı, stres atmaq məqsədilə meşədə "qışqırıq terapiyası" etdiyi də bildirilir. Və onun bunlardan birini etdiyi zaman azdığı da ehtimal edilir. Gürelin həyat yoldaşı isə bu mövzuda heç bir açıqlama verməyib.
Eyni zamanda Ece Gürelin numerologiya, astrologiya, Tarot falı ilə də maraqlandığı, hətta "Instagram"da "Tarotun Ecesi" adlı hesabı olduğu da məlum olub. Və qadının yoxa çıxmasından bir gün əvvəl bu "Instagram" hesabında etdiyi son paylaşım da diqqət çəkib.
"Özünü sevməyi öyrənən insan öz səylərinin dəyərini bilərsə, daha çox balanslı bir həyat yaşayar. Hər kəsin müəyyən sərhədləri var və hörmətə layiqdir", - deyə o, paylaşımda bildirib.
Eyni zamanda Gürelin yoxa çıxmamışdan əvvəl iş yerində həmkarları tərəfindən zorakılığa məruz qaldığı, işdən çıxdığı, daha sonra yenidən işə qayıtmaq istəsə də, müsbət cavab ala bilmədiyi iddia edilir.
Hüquq firmasında katibə işləyən Ece Gürelin qohumlarından olan Yusuf Beştepe bu barədə danışıb və qadının istefa ərizəsini yazmağa məcbur edildiyini deyib.
"Onu 4-5 vəkillə bir otağa salıblar. Orada hansı psixoloji təzyiqlər edilib, nə baş verib, bilmirik", - deyə Yusuf Beştepe qeyd edib.
İş yerindən isə bu xəbər təkzib edilib və qadının işdən çıxmadığı iddia edilib.
"Ecenin itməsinin iş yeri ilə heç bir əlaqəsi yoxdur. İşdən çıxmayıb. Ece işləyirdi. Hələ işdən çıxarılmayıb. Sadəcə, qərara aldıq ki, müəyyən müddətə tərəflərə vaxt verək, hər kəs özünü toparlasın", - deyə iş yerindən bildirilib.
