İsveçin Uddevalla şəhərində ticarət mərkəzinin dam örtüyünün müəyyən hissəsi şirniyyat mağazasının üzərinə uçub
Oxu.Az xəbər verir ki, bu barədə SVT məlumat yayıb.
Hadisə yerinə fövqəladə hallar xidmətləri gəlib, onlar insidentin səbəblərini araşdırır və təkrar çökmə ehtimalını qiymətləndirirlər.
İnsidentlə bağlı çağırış iyulun 18-də, şənbə günü səhər saatlarında qəbul edilib Həmin vaxt çökmə yerinin yaxınlığında yerləşən ərzaq mağazaları istisna olmaqla ticarət mərkəzi hələ ziyarətçilər üçün açılmamışdı.
"Damın bir hissəsi çöküb, amma hələlik səbəbini bilmirik. Ərazini mühafizə altına almışıq ki, heç kim təhlükəli zonaya daxil ola bilməsin. Məlumat toplamağa davam edirik və hələ də çökmə riski olub-olmadığını yoxlayırıq", - deyə xilasetmə qüvvələrinin idarəetmə mərkəzinin nümayəndəsi Peter Qustafsson vurğulayıb.
Alış-veriş mərkəzinin işçiləri binadan çıxarılıblar. Əraziyə tibbi yardım briqadası cəlb edilməyib və indiyədək xəsarət alanlar barədə məlumat yoxdur.
Ticarət mərkəzinin rəhbəri qeyd edib ki, hələlik zərərin miqyasını qiymətləndirmək mümkün deyil.