İtaliyanın Bolonya şəhərində polis tərəfindən saxlanılan zaman yerə sıxılan kişinin həyatını itirməsi geniş etiraz aksiyalarına səbəb olub. Hadisənin əks olunduğu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra prokurorluq araşdırmaya başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, mərakeşəsilli sahibkar, kiçik təmizlik və daşınma şirkətinin rəhbəri Əbdürrəhim Fakir iyulun 19-da vəfat edib.
İtaliya KİV-in məlumatına əsasən, polis avtomobillərə ziyan vurduğu və aqressiv davrandığı bildirilən şəxslə bağlı daxil olan çağırışdan sonra hadisə yerinə gəlib.
Yerli sakin tərəfindən çəkilən və sosial şəbəkələrdə yayılan görüntülər yüzlərlə insanın etiraz aksiyasına çıxmasına səbəb olub.
Yerli "Il Resto del Carlino" qəzetinin məlumatına görə, aksiya iştirakçıları polis əleyhinə şüarlar səsləndirib, bir dizləri üstə çökərək yumruqlarını havaya qaldırıblar. Bu jest 2020-ci ildə ABŞ-də Corc Floydun ölümündən sonra geniş yayılan "Black Lives Matter" hərəkatının simvollarından biri hesab olunur.
Yayılan videoda Əbdürrəhim Fakirin üzüstə yerə uzandığı, iki polis əməkdaşının isə onu saxladığı görünür. Kadrlarda onun dəfələrlə kömək istədiyi və nəfəs ala bilmədiyini dediyi eşidilir. Daha sonra isə hərəkətsiz qaldığı görünür.
Bolonya polisi insidentdə iştirak edən əməkdaşların sinə kameralarının görüntülərinin istintaqa təqdim ediləcəyini açıqlayıb.
Məlumata görə, hadisə iyulun 20-də şəhərin şimal-şərqində yerləşən Pilastro rayonunda baş verib. Bildirilir ki, polis əməkdaşları əvvəlcə Fakiri sakitləşdirməyə çalışıblar. Onun aqressiv davranış göstərdiyi iddia edildikdən sonra bibər qazından istifadə olunub və qandallanması üçün yerə sıxılıb.
"Onlar qardaşımı soyuqqanlılıqla öldürdülər. Mən ədalət istəyirəm", - deyə mərhumun bacısı Hadicə jurnalistlərə bildirib.
Pilastro rayonundakı etirazlardan sonra iyulun 21-də Bolonya şəhər mərkəzində də yeni aksiya keçirilməsi planlaşdırılıb. Etiraz aksiyasına şəhərin sol mərkəzçi bələdiyyə sədri Matteo Lepore, CGIL həmkarlar ittifaqı və digər sol yönümlü təşkilatlar dəstək veriblər.
Baş nazir Corcia Meloninin hakim koalisiyasına daxil olan sağçı "Liqa" Partiyası hadisənin hərtərəfli araşdırılmasına çağırıb. Partiya eyni zamanda polis əməkdaşlarının vətəndaşların müraciəti əsasında xidməti vəzifələrini yerinə yetirdiklərini bildirib.