Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Keçmiş baş nazirin iqamətgahından xalat və başmaqlar yoxa çıxdı: 12 min funt-sterlinq ödəməlidir
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass 12 min funt-sterlinq dəyərində ziyana düşüb.
Trass şəhərdən kənarda yerləşən Çeveninq iqamətgahından yoxa çıxan xalat və başmaqların hesabını hökumətə ödəməlidir.
Bu barədə “Times” qəzeti adı açıqlanmayan mənbəyə istinadən xəbər verib.
Məlumata görə, Britaniya Nazirlər Kabineti katibliyi keçmiş baş nazirlə əlaqə saxlayıb və onun vəzifədə olduğu zaman qonaq qəbul etdiyi iqamətgahda yaşayış xərclərini ödəməsini istəyib.
Ödəniləcək məbləğə həmçinin Trass və köməkçilərinin iqamətgahda içdikləri şərab və digər spirtli içkilərin dəyəri də daxildir.
“İqamətgahda çalışan işçilər həmçinin bildiriblər ki, bu müddət ərzində dəsmallar, xalatlar və hətta başmaqlar da yoxa çıxıb. Buna görə də nazirdən itən əşyalara görə kompensasiya ödəməsi istənilib”, - deyə bununla bağlı dərc olunan materialda qeyd edilib.
Vurğulanıb ki, Böyük Britaniya hökuməti yalnız iqamətgahda keçirilən rəsmi tədbirlərə çəkilən xərcləri ödəyir, şəxsi qonaqların əyləncəsi və ziyafət görüşləri isə bu xərclərə daxil deyil.
Liz Trassın nümayəndəsinin nəşrə verdiyi məlumata görə, keçmiş baş nazir ona təqdim olunan hesabla bağlı etiraz etmək niyyətindədir, çünki buraya təkcə şəxsi deyil, rəsmi xərclər də daxil edilə bilər.
Rəylər