"Rusiyanın NATO-nun şərqə doğru genişlənməsindən narahatlığı əsaslı və ədalətlidir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq ABC-yə verdiyi müsahibədə bildirib.
"Ukraynanın NATO-ya üzvlüyü gündəmdə deyil və bu məsələ müzakirə olunmur", - deyə o əlavə edib.
Onun sözlərinə görə, bu yanaşmanı yalnız ABŞ yox, eyni zamanda, NATO-nun azı dörd digər üzvü də bölüşür. Kelloq vurğulayıb ki, yeni üzv qəbul etmək üçün alyansdakı 32 ölkənin yekdil razılığı tələb olunur.
"Biz başqa ölkələrin "sözün doğrusu, biz bunda çox da əmin deyilik" dediyini gördük", - xüsusi nümayəndə qeyd edib.
Diplomat müsahibədə, həmçinin əlavə edib:
"Biz Rusiyaya deyirik: yaxşı, biz NATO-nun sizin sərhədlərinizə qədər genişlənməsini dayandıra bilərik. Bu, onların təhlükəsizliyi məsələsidir".
Xatırladaq ki, 2024-cü ilin yayında Ukraynanın NATO üzvlüyündən rəsmi şəkildə imtinası sülh danışıqları üçün əsas şərtlərdən biri kimi göstərilmişdi.