Əfsanəvi ABŞ-li qolfçu Tayger Vuds bir neçə gün əvvəl qəza törətdikdən sonra onun üzərindən "hidrokodon" adlı opioid tərkibli iki ağrıkəsici həb aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Hadisə martın 27-də Floridada baş verib. Məlumata görə, Vuds idarə etdiyi avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yük maşınına çırpılıb, nəticədə onun nəqliyyat vasitəsi aşıb.
Hadisə yerində keçirilən alkoqol testinin nəticəsi mənfi çıxsa da, polis idmançının qeyri-adekvat davranışlarının qəbul etdiyi narkotik tərkibli güclü ağrıkəsicilərin təsirindən qaynaqlandığını ehtimal edir.
Məşhur qolfçu bir müddət saxlanıldıqdan sonra zaminə buraxılıb. Məsələ ilə bağlı məhkəmə iclasının aprel ayının sonuna təyin edildiyi bildirilir.