Keçmiş Sovet İttifaqının Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin nəticəsi Ukrayna ordusu tərəfindən əsir götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Söhbət Anton Milayevdən gedir. O, keçmiş dövlət başçısının qızı Qalina Brejnevanın ögey nəvəsidir.
"Baza"nın məlumatına görə, 45 yaşlı Anton ötən ilin payızında Rusiya tərəfindən könüllü şəkildə istehkamçı (sapyor) kimi cəbhəyə yollanıb. Noyabr ayında onun ailəsi ilə əlaqəsi tamamilə kəsilib.
Milayevin anası İrina Kuznetsovanın verdiyi məlumata görə, aylarla davam edən axtarışlardan sonra oğlunun sağ olduğu müəyyənləşib. Məlum olub ki, Brejnevin nəticəsi hazırda Ukrayna ordusunun nəzarətində olan Xerson vilayəti ərazisində hərbi əsir düşərgəsindədir.
Qeyd edək ki, 1964-1982-ci illərdə nəhəng sovet imperiyasına rəhbərlik edən Brejnev əslən Ukraynanın Kamensk (keçmiş Dneprodzerjinsk) şəhərində dünyaya gəlib və siyasi karyerasının təməlini burada qurub.
