Litva Rusiya və Belarusla sərhəd boyunca xüsusi xəndəklər qazacaq.
Oxu.Az xəbər verir ki, bu barədə müvafiq qərar ölkə hökumətinin növbəti iclasında təsdiqlənib.
Nazirlər Kabinetinin təsdiq olunmuş mühəndis konstruksiyalarının parametrləri ilə bağlı yaydığı məlumatda bildirilir ki, patrul cığırından başlayaraq ərazinin dərinliyinə doğru 20 metr enində kontrmobillik xəndəyi qazılacaq.
"Ordu komandanlığı tərəfindən müəyyənləşdirilmiş əməliyyat zonalarında isə bu xəndəyin eni 150 metrə çatacaq", - deyə açıqlamada qeyd olunub.
Sözügedən maneələr hərbi kontrmobillik vasitələri proqramının yenilənməsi planı çərçivəsində inşa ediləcək. Rəsmi məlumatda vurğulanır ki, 2026-2030-cu illəri əhatə edən dövrdə bu proqram üzrə əlavə tədbirlərin həyata keçirilməsinə təxminən 50 milyon avro vəsait tələb olunacaq.
Bununla yanaşı, Litva kontrmobillik parklarının şəbəkəsini də genişləndirir. Hökumət qərara alıb ki, əvvəlcədən nəzərdə tutulmuş 27 belə parkın sayı 50-yə çatdırılsın.
Litva Rusiya və Belarusla sərhəd bölgələrində ehtiyac yarandıqda müəyyən edilmiş ərazilərdə quraşdırılacaq mühəndis maneələri parkları formalaşdırır.
Bu parkların anbarlarında "əjdaha dişləri" kimi tanınan piramida formalı beton konstruksiyalar, məftil maneələri, yığılıb-sökülən kirpilər, yolların bağlanması üçün nəzərdə tutulan beton maneələr və tikanlı məftillər saxlanılır.