Maykl Cordanın təxminən 25 ildir heç kimin görmədiyi "Ferrari 550 Maranello" avtomobili hərraca çıxarılacaq. 1997-ci il istehsalı olan bu unikal maşın sentyabrın 15-də "Joopiter" auksionunda satışa təqdim ediləcək.
Oxu.Az-ın autonews.ru-ya istinadən məlumatına görə, əfsanəvi basketbolçu bu nəqliyyat vasitəsini 1997-ci ildə - "Çikaqo Bullz"un heyətində NBA çempionatında beşinci qələbəsini qazandığı vaxt əldə edib. Avtomobilin üzərində "MJ 5" nömrə nişanı var və onun yürüşü təxminən 6 400 mil (təqribən 10 300 km) təşkil edir. İdmançının hündürboy olması (198 sm) səbəbindən sürücü oturacağı xüsusi olaraq dəyişdirilib: tənzimlənmə diapazonu artırılıb və daha nazik üzlüklə təmin edilib.
Sözügedən "Ferrari" "Netflix"in "Son rəqs" sənədli filmində də yer alıb. Eyni zamanda, bu maşın "Air Jordan XIV" krossovkalarının dizaynı üçün ilham mənbəyi olub. Məhz həmin ayaqqabılarda Cordan 1998-ci il NBA finalının altıncı matçında meydana çıxaraq məşhur həlledici atışını edib.
Avtomobil 2002-ci ilin dekabrında satıldıqdan sonra onun izi itmişdi. Nadir kolleksiya və qədim idman avtomobillərinin axtarışı, bərpası və satışı ilə məşğul olan "Curated" şirkətinin həmtəsisçisi Con Temerian bu maşını tapmaq üçün təxminən 10 il vaxt sərf edib.
Nəhayət, o, "Ferrari"ni Kaliforniyadan olan bir sahibdə aşkar edib. Nəqliyyat vasitəsi 485 at gücünə malik 5.5 litrlik atmosfer V12 mühərriki ilə təchiz olunub və altıpilləli mexaniki sürətlər qutusu ilə işləyir. "Ferrari"nin qiymətləndirilən dəyəri 700 min dollardan 1.3 milyon dollaradək müəyyən olunub.