"Ferrari Luce" tam elektrikli avtomobilinin ilk nümunəsi ABŞ-nin Monterrey şəhərində keçirilən "Sotheby's" hərracında rekord məbləğə - 40 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, "Şassi 0" kimi qeyd olunan bu avtomobil "Ferrari Luce" modelinin ilk seriya versiyasıdır.
"Sotheby's"in saytındakı açıqlamada qeyd olunur ki, avtomobil xüsusi xatirə lövhəsi ilə bəzədilib, əldə olunan vəsait isə "Ferrari" tərəfindən xeyriyyə məqsədlərinə yönəldiləcək.
"Bloomberg" agentliyinin məlumatına görə, avtomobil hərracda indiyədək satılmış ən bahalı yeni avtomobil kimi rekord müəyyənləşdirib.
"Ferrari"nin ilk elektrikli avtomobili mayın 26-da təqdim edilib. Bundan sonra şirkətin səhmləri 8%-dən çox ucuzlaşıb ki, bu da təxminən beş milyard dollarlıq dəyər itkisinə bərabərdir. "Ferrari"nin keçmiş prezidenti, "Formula-1" komandasına da rəhbərlik etmiş Luka di Montezemolonun fikrincə, şirkət belə bir məhsulla öz əfsanəsini məhv etmək riski daşıyır. O, elektrikli avtomobildən "Ferrari"nin şahə qalxmış at embleminin götürüləcəyinə ümid etdiyini bildirib.