Hindistan vətəndaşı Sayed Rəşid Səudiyyə Ərəbistanında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 18 yaxın qohumunu itirib.
Oxu.Az "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, faciə avtobusun yanacaqdaşıyan avtomobillə toqquşması nəticəsində baş verib.
Məlumata görə, 35 yaşlı Sayed Rəşid qohumlarını Hindistanın Heydərabad aeroportundan Səudiyyə Ərəbistanına uçuş üçün yola salıb. Qəza zamanı o, valideynləri, qardaşı və onun ailəsi, qardaşının uşaqları və digər yaxın qohumları da daxil olmaqla, ümumilikdə 18 ailə üzvünü itirib.
Səudiyyə Ərəbistanında baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində Hindistanın Telanqana ştatından olan ən azı 42 hindistanlı zəvvar həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, faciə noyabrın 17-də səhər saatlarında, Məkkədən Mədinəyə gedən avtobusun dizel yanacağı daşıyan avtomobillə toqquşması nəticəsində baş verib. İlkin məlumatlara görə, zərbə o qədər güclü olub ki, bir çox sərnişin hadisə yerində həlak olub, bir neçə nəfər isə ağır xəsarət alıb. Hadisə yerinə təcili olaraq fövqəladə xidmətlərin əməkdaşları gəlib, xilasetmə işləri aparılıb, zərərçəkənlərə tibbi yardım göstərilib.