Meksikanın paytaxtı Mexiko şəhərində "Z nəsli" hərəkatının hökumət əleyhinə nümayişi zamanı baş verən toqquşmalarda 100-dən çox polis əməkdaşı xəsarət alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Mexiko şəhərinin ictimai təhlükəsizlik katibi Pablo Vaskes Kamaçonun açıqlamasında deyilir.
Onun sözlərinə görə, 60 polis əməkdaşı yüngül xəsarətlərlə yerindəcə tibbi yardım alıb. Daha 40 əməkdaş xəstəxanalara yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.
Kamaçonun sözlərinə görə, nümayiş əvvəlcə dinc şəkildə keçib, lakin bir qrup maskalı zorakı hərəkətlərə başlayandan sonra aqressiv nümayişçilər polis əməkdaşlarının üstünə partlayıcı maddələrdən istifadə etməklə hücuma keçiblər.
Polis hücum edənləri geri otuzduraraq daş, çubuq, çəkic, zəncir və digər hücum üçün yararlı əşyaları müsadirə edib:
"20 nəfər saxlanılıb və zəruri istintaq hərəkətlərinin aparılması üçün prokurorluğa təhvil verilib".